11.17.2010

Ölmüş Sima


Turşumuş sifəti ilə Aqil bəlkə də bir saat idi ki, otağın ortasında olan tanımadığı kişiyə baxırdı. Hər dəfə də sanki, ilk dəfə görürmüş kimi ona toxunur, ara-bir üzünü göz yaşlarına qərq edirdi. Qarşısındakı kişi isə heç bir şey olmuyubmuş kimi gözlərinə Aqilə zilləyib, sakitcə oturmuşdu. Yəqin ki, səbəb onda deyildi. Sadəcə bu vəziyyətin nə zaman bitəcəyini təəccüblə gözləyirdi. Aqil isə gözünün qovrasını sıxmaqda davam edirdi. Birdən otağın hönkürtü ilə dolu ölü sakitliyi, qışqırtı səsi ilə pozuldu. Aqil qalstukunu kobud şəkildə boşaldıb, pencəynin ilk iki düyməsini açdı və danışmağa başladı: "Sən necə 'bunlar' kimi ola bildin?! Axı mən səni belə tanımamışdım?! Mən səni ideal insan kimi görmək istəyirdim? Sən bəs nəfsini öldürmüşdün. Ən saf arzularla, özünə parlaq gələcək qurmuşdun. 'Bunlardan' fərqli ömrə sahib olmaq, cəmiyyətdən uzağ olmaq istəyirdin. Sevgi ilə yaşayıb, qocalmaq istəyirdin. Elə sevgi ilə də ölmək. Özündən sonra qalan övladlarına xoş xatirələr qoyub gedəcəkdin. Day 'bunlar' kimi yox! bu axmaqlar kimi yox! Bəli, axmaqlar. Həyatın mahiyyətini pulda görənlər, ətrafdakıları heç sayıb, sadəcə şəxsi mənfəətini güdənlər! Yaxşı yadıma düşdü, ay kişi, bəs deyirdin məni dəyişə bilməzlər! Mən onların çirkin əməllərinə heç vaxt qoşulmaram? Artıq gecdi, yaşın 58, özün qoca. Üzündən mürdəşir yağır ee. Sənə bu yaşımda deyəcəyim çox söz var, amma, artığ onları işlədəcək üz yoxdur. Çoxdandır səni belə görmürdüm. İndi ən axırıncı görməy istədiyim kəs olarsan. Bəzi ümüdverici adamlar deyir: 'heçnə üçün gec deyil, hər an hər şeyi dəyişə bilərsən!'. Tələsmə.. Tələsmə! Sənin vəziyyətin buna uyğun deyil. Öz sevdiyi ilə evlənməyə qoymadığın üçün evindən qovduğun oğlunun üzünü belə xatırlamırsan. Çox illər keçib üstündən. Qızını isə nazir müavinin ağıldankəm oğluna puluna görə ərə verdiyini heç demirəm. Bu saat dünyanın bəlkə də ən bədbəxt qadınıdır. Sənə nifrət edirəm! Sənə görə özümdən utanıram! Sən məni məhv etdin! Sən mənim dünyamı məhv etdin! Aaa.."Bir neçə saniyəlik rahatladıqdan sonra qarşısındakı, həyasız baxışlarla onu süzənin murdar üzünə bir yumruq vurdu. Və otağın ortasından bu ani səssizliyi cilik-cilik edən şüşə qırıntıları bütün otağı bürüdü. Bu otağa, axşam evə gedən xadimə tərəfindən qoyulmuş təzə güzgü idi. Artıq sadəcə güzgü yox, Aqilin özünə olan ümüdsüzlüyünün tək səbəbi idi. Onun ölmüş simasının dəfni idi. Aqil ayağa qalxaraq köynəyinin düymələrini bağlayıb, qalstukunu sıxdı. Dərindən nəfəs aldı. Və heç bir şey olmuyubmuş kimi, saatına baxdı və tələm-tələsik xırıltılı səslə dedi: "Ou.. işə gecikirəm!". Pencəyini geyinib çıxdı..Otağın ortasında geridə qoyduğu güzgü qırıntılarını isə günorta evə gələn xadimə deyinə-deyinə yığışdırdı.
17.11.10