8.21.2009

Dalğalar Danışır... by feck

Mənim üzüm dənizə, onun üzü dağlara, yaşıllıqlara tərəf idi. O özünün ən çox sevdiyi mənzərəyə baxırdı mən özümün ən çox sevdiyim mənzərəyə. Biz yan-yana oturmuşduq. Bizi sevgidən başqa bir cüt əl və isti qum birləşdirirdi. Bir də arada bir toxunan çiyinlərimiz. Çox qəribə idi. Bizi birləşdirən əsas səbəblərdən biri olan sevgi hava ilə əlaqədar idi. Hava soyuq olanda sevgimiz də soyuyur, hava isti olanda sevgimiz də isinirdi. Hava yağışlı olanda biz ayrılırdıq, hava küləyli olanda biz barışırdıq. Bu nə qədər qəribə olsa da beləydi. Bu təsadüf ola bilməzdi. Çünki təsadüf həmişə eyni hadisənin təkrarlanması demək deyil. Təsadüf hərdən olur. Amma bu təsadüfün özü belə təsadüfən olmur. Mənə elə gəlirdi ki, bu ALLAH`ın bizə verdiyi cəzadı. Biz nəyə görə cəza almalıydıq axı? ALLAH ədalətlidir. Bunun bir səbəbi olmalıdır. Mən dəyəsən üstümə gələn dalğaların qorxusundan, ya da mənnən arxadakı mənzərənin fərqli aurasından bunun səbəbini tapmışdım. Çünki o, böyük dağları, dağlardakı çiçəkləri, yaşıl ağacları, ağacların budaqlarındakı quşların səsini, meşədə itməyi, çəmənləklərdə qaçıb yorulmağı, yorulduqdan sonra elə oradaca uzanıb gecə ulduzlara baxmağı, səhər duranda yeni meşələr, yeni çəmənliklər axtarışına çıxmağı istəyirdi. O qəribə heyvanlarla qarşılaşıb qorxmağı, onlardan qaçmağı, bu qaçışın hündür qayalardan dənizə özünü tullamağa gətirib çıxarmağını istəyirdi. O üstümüzdən uçan qartalın bizi pəncəsiylə göyə qaldırmağını, bizi hündürdə uçurtmağını, yorulanda isə bizi hardan gəldi yerə atmağını istəyirdi. O adamıza göydən baxmaq istəyirdi. O adamızın hər qarışını kəşf etmək istəyirdi. O sevgisini qışqırmaq, bu qışqırığa bütün quşların qanad çalma qorxusunu duymaq istəyirdi. Mən.. mən isə sakitcə oturub dənizə baxmaq, dalğaların özünü niyə məhz buludlara oxşatma istəyini anlamaq istəyirdim. Hərdən dönüb onun saçlarının ətrini içimə çəkirdim. Sonra yenidən dəniz. Hərdən dönüb ona olan sevgimi qulağına pıçıldayırdım sonra yenə dəniz.. mən sakit oturanda ona baxan gözlərimin danışdığını hiss edirdim.. mən sakit oturanda ona hər şeyi baxdığı mənzərənin anlatdığını sanırdım.. hələ dənizin səsini demirəm.. bizim sevgimizdən danışırdı dəniz.. ona da demişdim.. nə vaxt mən lal olsam getsin dənizə qulaq assın.. çünki bizim sevgimiz elə böyükdüki, dəniz heç vaxt susmur. Kim nə vaxt gedir getsin, dəniz həmin adama belə bizim sevgimizdən danışır. Siz bəlkə də dənizin səsini adi su səsindən ayıra bilmirsiz, sizə bəlkə də adi gəlir. Ya da mənə dəli kimi baxırsınız. Bəlkə də indi peşmansınız dəli kimi baxdığınız bir insanın yazısını oxuduğunuz üçün. Yox dəli deyiləm mən bunu birinci dəfə indi özümnən eşitdim elə.. Amma dəqiq bilmirəm mən yazarkən necə oluram.. bəlkə də elə bir dəliydi bunu yazan...
mənbə: qaradaqirmizi.com