5.31.2010

Uğur uğur dalıyca...


Deməli bu ilin Milli kitab mükafatçısı QaraQanın "A" romanı oldu...
hamını təbrik edirəm, HOST`un növbəti uğuru münasibəti ilə...
Gələn il də "Bir Milyon Dollarım Olsaydı" olar birinci yer yəqin ki (;

Milli Kitab Mükafatı 2010 



31 may 2010-cu il, Bakı. Milli Kitab Mükafatının təqdimat mərasimi 31 may 2010-cu il tarixdə keçirildi. Tədbirin aparıcısı İlhamiyyə Rza Milli Kitab Mükafatının təsis edilməsindən, ötən 7 ay ərzində görülən işlərdən, mükafatın ədəbi prosesə təsirindən və nail olduğu məqsədlərdən söz açdı. 
Mükafatın təsisçisi Nigar Köçərli isə ötən müddət ərzində layihəyə dəstək verən Mədəniyyət və Turizm Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, eləcə də baş sponsor “Azercell Telekom” MMC-yə, sponsorlar “Azersun Holdinq” və “Qarant Sığorta” şirkətlərinə öz minnətdarlığını bildirdi. N.Köçərli layihəyə informasiya dəstəyi verən qurumlara və ötən müddət ərzində MKM-i daim gündəmdə saxlayan media əməkdaşlarına da təşəkkür etdi. 
Nazirliklərin nümayəndələri, sponsorlar və münsiflər heyətinin üzvləri də çıxış edərək tədbir iştirakçılarına öz təbriklərini çatdırdılar. 
Sonra mükafatların təqdimetmə mərasimi başladı. Öncə Gənclər və İdman Nazirliyi min manat pul mükafatını “Qiyamçı” romanına görə Əlabbas Bağırova təqdim etdi.
Növbəti mükafatı 1 news.az təqdim etdi. Xəbər saytının baş redaktoru Rəhman Hacıyev “Odunçu geri qayıdır” romanına görə yazıçı Eyvaz Əlləzoğlunu min manatla mükafatlandırdı. 
Layihənin sponsoru olan “Qarant” Sığorta Şirkəti isə sığorta mövzusunda hekayə yazan Arzu Soltan min manat mükafat verdi. 
Daha sonra Milli Kitab Mükafatının qalibləri açıqlandı. Məlum oldu ki, 1-ci yerin qalibi Elxan Qaraqanın “A” romanı, 2-ci yerin sahibi Əjdər Olun “Portret hekayələr”idir. Münsiflər Heyətinin verdiyi ballar eyni olduğundan 3-cü yer Fəxri Uğurlunun “hekayələr” toplusu və Samit Əliyev “Günbatana doğru yeddi addım” əsəri arasında bölündü. Qalib gəlmiş bütün yazıçılara diplom, MKM-in rəmzi olan heykəlcik və pul mükafatı təqdim edildi. 1-ci yerin sahibi 3 min manat, 2-ci yerin sahibi 2 min manat mükafat aldı. 3-cü yer üçün nəzərdə tutlmuş min manat isə iki nəfər arasında bölündü.
Sonda N.Köçərli çıxış edərək MKM-in gələcək planları barədə məlumat verdi və bir daha tədbir iştirakçılarına öz təşəkkürünü çatdırdı.